Ötən günlərdə süni intellekt azərbaycanlı futbolçulardan ibarət "11-lik" qurmuşdu ki, bu heyətin müdafiə xəttində yer alan futbolçulardan biri Ağasəlim Mircavadov olub.

Gəncliyində zədə səbəbindən yaşıl meydanlarda doyunca top qovmayan 77 yaşlı veteran ilə əlaqə saxlayıb, futbolçu karyerası, bunu bitirməyinə səbəb olan zədəsi, məşqçiliyə gəlişi, 60-70-lərdəki futbol barədə danışdıq.

"3 il komandada saxladılar ki, "sağalarsan, oynayarsan. Alınmadı..."

"Çox tez zədələndim. 1965-ci ildə 11-ci sinifdə oxuyanda məni "Neftçi" komandasına gətirdilər. 1968-ci ildə artıq əsas heyətdə oynayırdım. Həmin vaxtlarda xəsarət aldım, damar zədəsi idi. Zədəni Moskvada müalicə edirdilər, 1969-cu ilin əvvəli ora yollandım. Həmin dönəmdə isə damar zədəsinin bərpası 50/50 idi. O vaxtlarda bu, ağır sayılsa da, indiki halda 6 aylıq müalicədən sonra oynayırsan. 2 il yarım əziyyət çəkdim. Məni 1971-ci ilə qədər komandada saxladılar ki, "sağalarsan, oynayarsan". Bərpam alınmadı...", deyə A.Mircavadov bildirib.

— Məşqçiliyə necə gəldiniz?

— Bu işlə məşğul olurdum, idman institutunu da oxumuşdum. Məşqçilik sahəsinə "Spartak" cəmiyyətində uşaqlarla işləyərək başladım. 1980-ci ildə Moskvada indi də fəaliyyət göstərən 2 illik futbol akademiyasını bitirdim və məşqçi kimi işləməyə başladım".



"Məhlə futbolun akademiyasıdır".

"Biz məhlədə çox oynamışıq. O, futbolun akademiyasıdır. Orda texnika, sürət, aldatma, driblinq vardı. Mən orta xətdə oynayırdım, topu tez saxlayıb, tez ötürmə verməyi, hərəkətliliyi, oyunu oxumağı sevirdim. Bunu məhlədə və o dönəmdəki məşqçilərdən öyrənmişəm. Uşaq məşqçiləri dahi idilər, adamı öyrədirdilər. Bir də çox tez öyrənirdik. Öyrəndiyimizi gəlib məhlədə göstərirdik. O vaxtkı futbolu nəzərdə tuturam, bizdə hər şey var idi. Bizim ən zəif cəhətimiz göydə oynamaq idi. Başla zərbələrin üzərində də ayrıca işləyirdik. Alınırdı, ya alınmırdı bunu məşqçilərimiz bilərdi. Amma texnika cəhətdən yüksək olmuşuq".

— SSRİ dönəmi azərbaycanlı baş məşqçinin yadında necə qalıb?

— Biz məşqçi kimi ən ağır vaxtlarda işləmişik. SSRİ dönəmində də bizə təzyiqlə olunub. 12-13 il ərzində "Neftçi" komandası ilə 9-cu yeri ən yüksək yeri tutdum, amma... Azərbaycanda yerli baş məşqçilərə biganə yanaşırlar. Bizdə də yaxşı məşqçilər əvvəl də olub, indi də var. Onlara hörmət, qayğı, inam göstərmək lazımdır. Əfsuslar olsun ki, SSRİ dönəmində də, indi də yerli baş məşqçilərə münasibət eynidir. Qəribə haldır. Çox danışmaq olar, lakin gərək söz keçsin ki, qiyməti də olsun...

Günay Xəlil